Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilmiş, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin komandir heyətində erməni millətindən olan şəxslərin də təmsil olunduğu 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərinə hücumundan, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeridilməsindən, şəhərin dinc əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutulmasından, Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfərin xüsusi amansızlıqla öldürülməsindən, 487 nəfər dinc sakinin ağır yaralanmasından, 1275 nəfərin girov götürülməsindən, hadisələrin necə cərəyan etməsindən ətraflı danışılmışdır.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verildiyi vurğulanmış, bu barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılmasında, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsinə müvəffəq olunmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin misilsiz fəaliyyətindən, bununla əlaqədar ölkədə və respublikamızdan kənarda həyata keçirilən sistemli və ardıcıl tədbirlərdən bəhs olunmuşdur. Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunmuşdur.