Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Zəfər Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Agentliyin rəisi,  general -mayor İlqar Abbasov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.

General-mayor İlqar Abbasov diqqətə çatdırıb ki,  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən 2020- ci il dekabrın 3-də imzalanmış sərəncama əsasən hər il noyabr ayının 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilir və bu gün qətiyyətli Ali Baş Komandanın rəhbərliyi, vətənpərvər xalqın birliyi, eləcə də qüdrətli ordumuzun qəhrəmanlığı sayəsində işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunmasından üç il ötür.

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhə boyu ərazidə yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatlarına başlamışdır.

44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad olunmuşdur. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr Ermənistanın öz məğlubiyyətini etiraf etməsi ve kapitulyasiyası ilə nəticələnmişdir. Beləliklə, 10 noyabr 2020-ci il tarixində imzalanmış müqaviləyə əsasən Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafındakı ərazilərdən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyasının inşasının təmin edilməsi elan edilmişdir. 2020-ci ilin noyabr ayının 20-də Ağdam, 25-də Kəlbəcər, dekabr ayının 1-də Laçın rayonu işğaldan azad edilmişdir.

General-mayor bildirib ki, Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü Ermənistana məxsus hərbi texnikanın dəyəri 3,8 milyard ABŞ dollarından çoxdur. 44 gün davam edən müharibə nəticəsində Ermənistan 10 ədəd S-300 və onun taktiki-döyüş  vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit- raket kompleksindən məhrum olunub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars. Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib.

Ermənistan mənbələrinə görə 4500 nəfər ölü və 9000-dən artıq yaralı, digər mənbələrə görə isə 7000 nəfərdən artıq ölü və 10000-ə yaxın yaralı Ermənistanın canlı qüvvədə itkilərini təşkil etmişdir. Bu günə kimi rəsmi olaraq 1706 nəfər itkin düşmüş hesab edilir.

Döyüşlərdə iştirak etmiş Azərbaycanın hərbi qulluqçuları barədə məlumatları diqqətinizə çatdırıram:

Vətən müharibəsinin şəhidləri ümumi sayı: 2908

Vətən müharibəsi qazilərinin ümumi sayı: 12721

Müharibə zamanı mülki şəxslər arasında 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəymişdir.

İlqar Abbasov qeyd edib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoyaraq informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyidir. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzü tam bərpa etdi.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Hərbi əməliyyatda 400-ə yaxın xüsusi təyinatlılar iştirak etmiş, Azərbaycan tərəfindən 350-dən çox hərbi qulluqçu qəhrəmancasına şəhid olmuş, Ermənistan tərəfindən 800-dən çox canlı qüvvə məhv edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi müasir hərb tarixində yeni örnək olan unikal hərbi əməliyyatlardan birinə çevrilmişdir.

Müharibədən sonra döyüşlərdə iştirak etmiş əsgər və zabitlərin əksəriyyəti müxtəlif medallar, Füzulinin, Cəbrayılın, Xocavəndin, Zəngilanın, Qubadlının, Şuşanın, Suqovuşanın azad olunması və digər medallarla təltif olunmuş, 83 nəfərə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.

289 nəfərə "Azərbaycan Bayrağı" ordeni, 3 nəfərə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 9 nəfərə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 331 nəfərə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 626 nəfərə "İgidliyə görə" medalı, 3600 nəfərə "Vətən uğrunda" medalı verilmişdir.

Tədbirin sonunda İlqar Abbasov xüsusi vurğulayıb  ki, Tarixi Zəfərdən 3 il sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Xankəndi zəfəri və separatçı rejimin ləğv edilməsi ilə Azərbaycanın hər bir qarış torpağı üzərində suveren hüququnu tam bərpa edilməsi kimi tarixi missiyanı tam yerinə yetirib.

General-mayor İlqar Abbasov çıxışının sonunda bildirdi ki,  müzəffər Ali Baş Komandana və Ordumuza öz təşəkkürümüzü bildirir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyir, torpaqlarımızın işğaldan azad edilmasi uğrunda döyüşən igidlərimizlə qürur duyuruq.