Xəbərlər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
Azərbaycan Respublikasının Prezidentinin 21 avqust 2008-ci il tarixli Sərəncamı ilə hər il avqust ayının 23-ü xüsusi dövlət mühafizə xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Peşə bayramı münasibətilə Agentliyin əməkdaşları Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.
Sonra Şəhidlər xiyabanında Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğul və qızlarımızın unudulmaz xatirəsi yad edilərək məzarları üstünə güllər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Xüsusi dövlət mühafizə orqanlarının yaranmasının 30-cu ildönümü münasibətilə tədbir Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin akt zalında davam etdirilmişdir.
Tədbirdə çıxış edən Agentliyin rəisi general-mayor İlqar Abbasov ilk öncə Agentliyin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdi. Qeyd etdi ki, xüsusi dövlət mühafizəsi orqanlarının yaradılmasından 30 il ötür. Keçən 30 illik dövr ərzində xüsusi dövlət mühafizəsi orqanları zəngin tarixi və döyüş yolu keçmişdir.
Azərbaycanda dövlət səviyyəsində mühafizə xidmətinin qurulması işinə ilk dəfə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə başlanmışdır. 18 fevral 1919-cu ildə Azərbaycan Demokratik Xalq Cumhuriyyəti Parlamentinin 15-ci iclasında "Azərbaycan Parlamentinin Mühafizə Dəstəsi"nin yaradılması haqqında qanun qəbul edilmiş və polkovnik-leytenant Nağı Əli-zadə Mühafizə Bölüyünün rəisi vəzifəsinə təyin edilmişdir.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra isə mühafizə xidməti bir çox dəyişikliklərə uğrasa da, zəruri bir qurum kimi öz inkişafını davam etdirmişdir.
Mühafizə Xidmətinin müasir tarixinin ən unudulmaz səhifələri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 15 iyun 1993-cü ildə xalqın çağırışı ilə Azərbaycanın müdrik oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə əsaslı dəyişikliklər edilmişdir. O cümlədən, 23 avqust 1993-cü il tarixdə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi ilə Azərbaycan Respublikasının Milli Qvardiyası bazasında Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi yaradılmışdır.
6 may 2002-ci il tarixdə Baş Mühafizə İdarəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti adlandırılmışdır.
Ölkəmizdə irimiqyaslı enerji layihələrinin həyata keçirilməsi və bu enerji layihələrinin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar 31 may 2003-cü il tarixdə Xüsusi Dövlət Mühafizəsi Xidmətinin nəzdində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi yaradılmışdır.
30 illik dövr ərzində xüsusi dövlət mühafizə xidməti orqanlarının əməkdaşları yüksək vəzifəli şəxslərin təhlükəsizliyinin, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin mühafizəsi və ali dövlət hakimiyyət orqanlarının, neft və qaz kəmərlərinin və onların yerüstü qurğularının, digər strateji əhəmiyyətli obyektlərin etibarlı şəkildə qorunması sahəsində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər. Həmçinin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi dövlət mühafizə xidmətinin hərbi qulluqçuları şərəflə iştirak etmiş, qəhrəmanlıqlar göstərmişlər. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, baş verə biləcək terror-təxribat aktlarının qarşısının qətiyyətlə alınması kimi ən mühüm sahələrdə xidmətin hərbi qulluqçularının daim nümunəvi fəaliyyəti və fədakarlığı diqqəti cəlb etmişdir.
Milli dövlətçiliyimizin qorunması işində mühüm yer tutan xüsusi mühafizə sistemində çalışan əməkdaşların fədakar və nümunəvi fəaliyyəti Azərbaycan Respublikasnn Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Məhz xidmətin maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşların sosial rifahı, mənzil şəraitinin yaxşılaşdırılması, hər il əməkdaşların ali dövlət mükafatları ilə təltif olunması, yubiley medallarının təsis edilməsi həmin diqqət və qayğının bariz nümunəsidir.
Möhtərəm cənab Prezident İlham Əliyevin 16.03.2020-ci il tarixli fərmanı ilə xüsusi mühafizə sahəsində dövlət siyasətinin daha da təkmilləşdirilməsi məqsədilə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilmiş və yeni 3 qurum yaranmışdır.
Həmin qurumlardan biri kimi Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ixrac neft və qaz boru kəmərlərinin mühafizəsini, o cümlədən, mühafizə olunan şəxslərin və əksər strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi, mühafizə olunan şəxslər və obyektlərə qarşı ola biləcək təhlükələrin qarşısının alınması sahəsində qanunamüvafiq qaydada fəaliyyət göstərir. Beynəlxalq terrorizmin və sui-qəsdlərin geniş vüsət aldığı bir vaxta mühafizə işinin təkmilləşdirilməsi, elm və texnikanın naiiyyətlərindən istifadə olunması, yüksək peşəkarlığa malik kadrların hazırlanması Agentliyin qarşısında duran əsas vəzifələrdir. Agentliyin kadr siyasəti həyata keçirilərkən müharibə iştirakçılarının Agentlikdə həqiqi hərbi xidmətə qəbul edilməsinə xüsusi diqqət yetirilmiş, son bir il ərzində 63 nəfər II Qarabağ müharibəsinin iştirakçısı hərbi xidmətə qəbul edilmişdir.
Cənab Prezidentin rəhbərliyi altında uğurla həyata keçirilən islahatların və stabilliyin qorunub saxlanılması ilə bağlı mühafizə sahəsində qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Strateji Obyetlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları döyüş tapşırıqlarının yerinə yetirilməsində daha fəal mövqe tutmalı, dövlətə və dövlətçilik ideyalarına daha sədaqətlə xidmət göstərməlidir.
Qarşıda duran şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün hər birinizə tükənməz fiziki və mənəvi qüvvə arzulamaqla bu günkü peşə bayramı münasibətilə Agentliyin şəxsi heyətini təbrik edirəm. Hər birinizə möhkəm can sağlığı, uzun ömür, xidməti fəaliyyətinizdə uğurlar, ökəmizə sülh və əmin-amanlıq arzulayıram.
Tədbirin sonunda Agentliyin xidmətdə fərqlənən və öz vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuları “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının yaradılmasının 30 illiy”i yubiley medalı, digər medal və mükafatlarla təltif edildilər.
23 avgust 2023 17:23