Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin nümayəndələri “Bakı 2023” Beynəlxalq təlimində iştirak etmişdir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumlarına məxsus xilasetmə qüvvə və vasitələrinin iştirakı ilə “Bakı 2023” Beynəlxalq təlimi keçirilib.

Təlimi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, TDT-nin baş katibi, digər türk dövlətlərinin daxili işlər və fövqəladə hallar nazirləri, aidiyyatı dövlət orqanları ilə birgə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbər vəzifəli şəxsləri izləyiblər.

Həmçinin, təlimdə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi canlı qüvvə və avtomobillərlə iştirak edib.

Təlim irimiqyaslı fövqəladə hallar zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin fövqəladə halların idarə edilməsinə cavabdeh qurumlarının xilasetmə qüvvə və vasitələrinin birgə fəaliyyət mexanizminin həyata keçirilməsi, real imkanlarının müəyyən edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və bununla bağlı qərargahların əməliyyat hazırlığının yüksəldilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatın təşkili məqsədilə keçirilib.