Xəbərlər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi BN-nin ŞİBK 54-cü km-də “İxrac neft və qaz boru kəmərində baş vermiş fövqəladə halların və şərti qəzanın aradan qaldırılması” mövzusunda aidiyyatı qurumlarla birgə komanda-qərərgah təlimi keçirib.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyət planına əsasən aidiyyatı qurumların da cəlb edildiyi təliminin keçirilməsində məqsəd Bakı-Novorossiysk ixrac neft boru kəmərinin və onun infrastruktur obyektlərində baş verə biləcək fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması olub.
SOMDA-nın Sumqayıt regional idarəsinin xidmətdə olan və təlimə cəlb olunan şəxsi heyəti «Həyəcan» siqnalı ilə qaldırılaraq, boru kəmərinin 54-cü km-nə «Daşqın» (Neftin dağılması) komandası verilmişdir. Dərhal Mobil patrul qruplarının (MPQ), Çevik həyəcan qrupunun və əməkdaş-atlı patrulların xidməti gücləndirilmiş iş rejiminə keçirilmişdir.
Belə ki, təlim vaxtı SOCAR-ın Neft Kəmərləri İdarəsinin Dispetçer xidməti tərəfindən neftin nəqlinin dayandırılması barədə göstəriş verilir və Sumqayıt NNS-dən neftin nəqli dayandırılır;
- könüllü yanğınsöndürmə dəstəsi ilkin yanğınsöndürmə vasitələrindən istifadə etməklə yanğının genişlənməsinin qarşısının alınması işlərinə cəlb edilir. Yanğının qarşısı alınan zaman könüllü yanğınsöndürmə dəstəsinin bir nəfər üzvü yüngül bədən xəsarəti alır. Əraziyə daxil olan Sumqayıt şəhər Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları tərəfindən xəsarət alan əməkdaşa ilkin tibbi yardım göstərilir;
- FHN-nin Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən baş vermiş yanğın söndürülür və qəzanın aradan qaldırılması istiqamətində fəaliyyət həyata keçirilir;
- baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar yarana biləcək bütün texniki məsələlərin operativ həllinin təmin olunması məqsədi ilə SOCAR-ın NKİ-nin baş mühəndisinin rəhbərliyi ilə qərargah yaradılır;
- qəza yerində boruda təzyiqin aşağı salınması və axan neftin miqdarının azaldılması məqsədilə neftin nəqlini dayandırması, qəza yerinə yaxın siyirtmələrin plana uyğun bağlanması, sızan neftin qarşısının alınması, təbii çökəklərə, yarğanlara və ya süni çuxurlara neftin yığılması təmin edilmiş;
- Sumqayıt regional idarəsinin şəxsi heyətinin təsdiq edilmiş «Fövqəladə hallar zamanı fəaliyyət planı»nın müəyyən olunmuş siqnalı üzrə hərəkətlər təmin edilmiş;
- qəzanın baş verdiyi ərazinin mühafizəsi və əraziyə işçi personalının, səlahiyyətli şəxslərin, maşın, mexanizmlərin təqdim olunmuş siyahı üzrə buraxılmasına nəzarət təmin edilmiş;
- şosse yolunda, keçid mümkün olan yerlərdə insanları təhlükəli yanğın zonasından uzaqlaşdırmaq üçün növbətçi məntəqəsində xəbərdaredici qırmızı kiçik ölçülü bayraqların asılması təmin edilmişdir.
Daha sonra, mühafizə zonasına avtomobil ilə yaxınlaşan şübhəli şəxsin MPQ rəisi tərəfindən saxlanılaraq sənədlərini ondan təqdim etməsini və əraziyə nə üçün gəldiyini soruşduqda şübhəli şəxsin hücuma cəhd etməsi, bu zaman MPQ rəisi tərəfindən zərərsizləşdirilərək Abşeron rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilmişdir.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
03 may 2024 12:40