Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasovun "Azərbaycan" qəzetində məqaləsi dərc edilib.

Azərbaycan dövlətinin xilaskarı və memarı

Azərbaycanın XX əsr tarixinə öz adını qızıl hərflərlə yazmış, böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ümummilli Lider Heydər Əliyev geniş və çoxşaxəli fəaliyyəti ilə dövlətimizin quruculuq tarixində, milli məfkurənin formalaşmasında, ictimai-siyasi həyatında əsaslı dönüş yaratmışdır. Ulu Öndər Heydər Əliyev əsrin əvvəllərindən formalaşan demokratik ənənələrin yaşanmasında və inkişafında, milli-mədəni irsimizin qorunmasında və təbliğində əvəzsiz rol oynamış, Azərbaycanı bütün dünyaya tanıtmışdır. Onun xalqımız qarşısındakı xidmətləri misilsizdir.  
Böyük istedadı və uzaqgörən siyasəti sayəsində Heydər Əliyev müasir bəşər tarixində iki müxtəlif ictimai-siyasi quruluşda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuşdur. Onun Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə milli şüurun oyanışı naminə həyata keçirdiyi kompleks tədbirlər təkcə ədəbi-mədəni sferaları əhatə etməmişdir. Həmçinin  elm, təhsil, səhiyyə, kadr hazırlığı, sosial-iqtisadi sahələrdə həyata keçirdiyi məqsədyönlü tədbirlərin uğurlu nəticələri bir neçə onillikdən sonra Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna etibarlı zəmin hazırlamışdır. 
Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikada baş alıb gedən siyasi hərc-mərclik, hakimiyyət uğrunda çəkişmələr dövlətimizə ağır zərbələr vururdu. Belə bir şəraitdə bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itmiş inamını özünə qaytarmaqla ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Təbii ki, həmin illərdə xalqımızın Ümummilli Lider Heydər Əliyevi təkidlə tələb etməsinin bir çox səbəbləri var idi: 1970-80-ci illərin əvvəllərində gördüyü işlər, ən ağır məqamlarda xalqla birlikdə olması, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verməsi, onun rəhbərliyi ilə 3 sentyabr 1991-ci il Naxçıvan Ali Sovetinin sessiyasında "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" məsələ müzakirə edilərək kommunist partiyasının fəaliyyətinin dayandırılması haqqında qərar verilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağının ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında Dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək "sovet sosialist" sözlərinin çıxarılması və digər bir-birindən mühüm addımlar yalnız onun 1993-cü ildə xilaskarlıq missiyasını uğurla həyata keçirə biləcəyini göstərirdi. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı. Onun məqsədyönlü siyasəti ilə milli-mənəvi dəyərlərimiz bərpa edildi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, beynəlxalq normalara uyğun sivil və hüquqi dövlət quruculuğu başlandı. Milli Ordunun formalaşması, nizami silahlı qüvvələrin yaradılması, torpaqların müdafiəsi ilə bağlı mühüm addımlar atıldı.
 Azərbaycan dövlətçiliyinin  möhkəmlənməsində və ölkədə sabitliyin  təmin edilməsində Ermənistanla Azərbaycan arasında 1994-cü ilin mayında imzalanmış müvəqqəti atəşkəs haqqında saziş mühüm rol oynadı. Bu, Heydər Əliyev diplomatiyasının böyük uğuru idi. Belə ki, atəşkəs sazişinin imzalanması dövlət quruculuğu istiqamətlərində olduğu kimi, respublikanın silahlı qüvvələrində də islahatlar keçirilməsinə zəmin yaratdı. Silahlı Qüvvələrdə müasir yeniliklərin tətbiqi, vahid rəhbərlik əsasında döyüş əməliyyatlarının planlaşdırılması, qoşunların təxribatçı və siyasi ünsürlərdən  təmizlənməsi Azərbaycan Ordusunu  daha da gücləndirdi.  
Ölkə həyatının bütün sahələrini əhatə edən hərtərəfli hüquqi, siyasi və iqtisadi islahatlar həyata keçirilməyə başlandı və bunun sayəsində Azərbaycan dərin tənəzzüldən inkişaf yoluna çıxdı, siyasi sabitlik formalaşdı, qanunçuluğun və hüquqi qaydaların bərpası istiqamətində kompleks tədbirlər həyata keçirildi.
İlk növbədə dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlandı. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyada əksini tapan mütərəqqi prinsiplər Azərbaycanda hüquqi islahatların aparılmasına hərtərəfli zəmin yaratdı.
Ulu Öndərin rəhbərliyi altında hazırlanaraq qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı, bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı.
Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi təşəkkülü və inkişafını təmin etmək üçün, hər şeydən əvvəl, mövcud iqtisadi potensialdan mümkün qədər səmərəli istifadə etməyi, onu artırmağı, həmin sərvətləri xalqın həyat səviyyəsinin yüksəldilməsi məqsədinə yönəltməyi əsas vəzifə hesab edirdi. Ulu Öndər Heydər Əliyevin bazar iqtisadiyyatı sisteminə keçid şəraitində müstəqil milli iqtisadiyyatın formalaşdırılması ilə bağlı həyata keçirdiyi iqtisadi strategiya aşağıdakı 5 fundamental prinsipə əsaslanırdı:
- ölkədə makroiqtisadi sabitləşmənin təmin olunmasına; 
- sistemin tranformasiyası ilə bağlı bütün istiqamətlər üzrə əsaslı iqtisadi islahatların aparılmasına; 
- bütün səviyyələrdə bazar iqtisadi münasibətlərinin liberallaşdırılmasına; 
- ölkədə demokratiyanın və sosial ədalətin bərqərar olunmasına;
- Azərbaycanın strateji milli maraq və mənafelərini qorumaqla dünya iqtisadiyyatına fəal inteqrasiya olunmasına əsaslanırdı.
Heydər Əliyevin xalqımız qarşısında başlıca xidmətlərindən biri dövlət müstəqilliyinə yiyələnmiş Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirməsi olmuşdu. Həmin konsepsiya xalqımızın gücü, geosiyasi gerçəkliklər və digər  mühüm meyarlar əsas götürülməklə tərtib edilmişdi. Heydər Əliyevə görə çoxukladlı bazar iqtisadiyyatının başlıca parametrlərinin hazırlanması keçid dövrünün ağrılarını sonadək yaşamayan yeni sistemə keçidə gətirib çıxarmışdır ki, bununla Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunacaqdır: Azərbaycan istiqlaliyyət qazandığı zamandan bu yana öz yaşamını, dövlətini, iqtisadiyyatını vacib sayaraq azadlıq şərtləri əsasında qurur. Sözsüz ki, 70 ildə başqa sosial-iqtisadi mühitində mövcud olan ölkə üçün bu üsul kifayət qədər absurd görünə bilərdi. Ancaq əlavə olaraq iqtisadiyyatda mövcud olan problemlərin həll edilməsi, sosial-iqtisadi böhranın aradan qaldırılması və Azərbaycanı dünya iqtisadi sisteminə aid edilməsi üçün iqtisadiyyatın tərəqqisini dünyəvi normalara uyğun şəkildə bərpa etmək üçün vahid yoldur.
Müəllifi Heydər Əliyev olan inkişaf strategiyasının tətbiqinə 20 sentyabr  1994-cü il tarixində dünyanın inkişaf etmiş ölkələrinin ən məşhur neft müəssisələrinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə bağladığı və Azərbaycanın Xəzər dənizindəki bölməsində yerləşən "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarından hasilatın pay bölgüsü və onların birgə işlənməsini nəzərdə tutan "Əsrin müqaviləsi" ilə başlanmışdır.
"Əsrin müqaviləsi" imzalandığı zamandan bu günə kimi Azərbaycan Respublikasının sosial-iqtisadi və siyasi cəhətdən inkişaf etməsində əhəmiyyətli rola sahib olmaqla, onun xarici ölkələrlə qarşılıqlı əlaqələr qurması və bu əlaqələri genişləndirməsində, eləcə də dünya birliyi dövlətləri sırasında öz mövqelərini möhkəmləndirməsində ən vacib amillərdən birinə çevrilmişdir.  Azərbaycanın daxilində mürəkkəb iqtisadi və ictimai-siyasi böhranların hökm sürdüyü, Ermənistanın hərbi təcavüzünün davam etdiyi, 20 faiz torpaqlarının işğal edildiyi bir şəraitdə "Əsrin müqaviləsi"nin hazırlanması və imzalanması prosesini eyni zamanda dünyanın müxtəlif güc qütblərinin geosiyasi mübarizəsi də müşayiət edirdi. Lakin nəticədə üç ildən artıq müddətdə xarici neft şirkətləri ilə aparılan danışıqlar regionda mühüm maraqlara sahib olan böyük dövlətlərlə qarşılıqlı olaraq faydalı əməkdaşlığa, ən əsası da, dövlətimizin milli mənafe və maraqlarını əsas götürən sazişin imzalanmasına gətirib çıxardı. Bununla da Azərbaycanın iqtisadi tənəzzül və siyasi böhran şəraitindən milli dirçəliş mərhələsinə keçid etməsi üçün böyük imkanları yarandı. Bundan sonra Azərbaycan dövləti Heydər Əliyevin başçılığı ilə bu imkanlardan maksimal dərəcədə faydalanmaq siyasətini yeritməyə başladı.
Dünyanın tərəqqi etmiş ölkələrinin Azərbaycanın karbohidrogen sərvətlərinə marağını doğru dəyərləndirən Heydər Əliyev dövlətin milli marağına xidmət edən çoxkombinasiyalı siyasi-diplomatik xətt tərtib etmişdi. Bu xətt üçün "açıq qapı" və balanslaşmış siyasət prinsipləri xüsusi əhəmiyyət kəsb edirdi. "Əsrin müqaviləsi" Heydər Əliyev təşəbbüsü ilə tərtib edilmiş yeni neft strategiyasının təməlinin qoyulmasına, BTC və BTƏ neft və qaz kəmərlərinin inşa etdirilməsinə və Azərbaycanın energetika sektorundakı mövqelərinin ciddi formada gücləndirilməsinə səbəb oldu. 
Azərbaycanın "Əsrin müqaviləsi"nin imzalanmasında başlanan yolunu yüksək qiymətləndirən Heydər Əliyev müəyyənləşdirdiyi neft strategiyasının başlıca məqsədinin Azərbaycanın zəngin təbii sərvətlərindən, eləcə də karbohidrogen resurslarından xalqın rifahı naminə istifadə olduğunu qeyd etmişdi.
Azərbaycanın dünya birliyinə inteqrasiyanın davamlı şəkildə həyata keçirilməsi və neft strategiyasının müasir uğurları Heydər Əliyevin əsasını qoyduğu strategiyanı müasir şəraitin tələblərinə uyğunlaşdıraraq davam etdirən Prezident İlham Əliyevin çevik və uzaqgörən siyasi fəaliyyəti ilə bağlıdır. Azərbaycan 2003-cü ildən sonra Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş layihələrin işə düşməsi nəticəsində daha sürətlə inkişaf edərək dünyada sözü eşidilən ölkəyə çevrilmişdir. Beynəlxalq aləmdə çox az qlobal enerji layihələri var ki, Azərbaycan onun iştirakçısı olmasın. Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı tərəfdaşına çevrilmişdir. Türkiyə və Azərbaycan liderlərinin məqsədyönlü fəaliyyətləri daha bir meqaproyektin meydana çıxmasına səbəb oldu. 2012-ci ildə "Şahdəniz-2" layihəsi üzrə çıxarılacaq resursların daşınması üçün TANAP-ın inşasına dair razılaşma əldə olundu. Azərbaycan qazının davamlı və sabit şəkildə Avropa İttifaqı ölkələrinə ixracı istiqamətində önəmli tədbirlər həyata keçirildi. TANAP-dan əlavə TAP qaz boru kəmərinin tikintisi ilə bağlı da sənəd imzalandı. 
Heydər Əliyevin regionda yürütdüyü siyasət nəticəsində tarazlıq əldə edildikdən sonra xarici neft şirkətləri ilə genişmiqyaslı, qarşılıqlı faydalı əməkdaşlığın əsası qoyuldu. Azərbaycan "Əsrin müqaviləsi"nin imzalanmasından sonra ABŞ, Kanada, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Çin, Koreya kimi ölkələri təmsil edən şirkətlərlə yanaşı, Rusiya və İrana məxsus şirkətlərində mövqelərini nəzərə almışdı. 1994-2003-cü illər ərzində həmin şirkətlərlə ARDNŞ arasında enerji sahəsində 22 müqavilə imzalanmışdı. ARDNŞ ilə bağlanan hasilatın pay bölgüsü tipli müqavilələrin şərtlərinə görə, xarici investorlar kommersiya riskini öz üzərinə götürərək kəşfiyyat işləri aparmalı idilər. Əsas tezis ondan ibarət idi ki, əgər işlər uğurla nəticələnməzsə, yəni kommersiya əhəmiyyətli ehtiyatlar aşkarlanmazsa, xarici şirkətlərin məsrəfləri ödənilmir. Bununla belə, əgər yataq açılardısa, onda əldə olunan mənfəətin 70-80 faizi və səmt qazının hamısı pulsuz olaraq Azərbaycana çatmalı idi. Müəyyən olunmuş qrafikə görə, əməliyyat kampaniyalarında yerli işçilərin payı bütün səviyyələrdə bir neçə il ərzində 50 faizdən 90 faizədək artırılmalı idi. Sosial-siyasi cəhətdən bu məqama yanaşsaq, onun əhəmiyyətini görə bilərik. Bu, minlərlə yerli vətəndaşın işlə təmin olunması və ölkədə sosial-iqtisadi sabitliyin maksimum təmin edilməsi demək idi. 
Heydər Əliyevin neft və kommunikasiya diplomatiyası ona gətirib çıxarmışdı ki, müstəqilliyin ilk illərində Azərbaycana müxtəlif məhdudiyyətlər və sanksiyalar tətbiq edən dövlətlər ölkəmizin mövqelərini dəstəkləməyə, onunla çoxtərəfli əməkdaşlığa nail olmağa və Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasına səs verməyə başlamışdılar.
Beləliklə, Azərbaycan çoxvektorlu və tarazlaşdırılmış müstəqil xarici siyasət həyata keçirərək həyati əhəmiyyətə malik layihələrə imza atdı. Bu müqavilələrin imzalanması ilə Heydər Əliyev böyük dövlətlərin siyasi dəstəyini qazanmağa, müstəqilliyimizi daha da gücləndirməyə nail olmuşdur. Enerji amilini diplomatiyanın əsas alətlərindən birinə, eləcə də xarici siyasətin prioritet məsələlərinə çevirməklə Heydər Əliyev Azərbaycanın təhlükəsizliyini bölgəsəl və qlobal təhlükəsizlik sistemi ilə sıx surətdə əlaqələndirmiş oldu. 
Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət nəticəsində müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi. 2001-ci ilin əvvəlində Azərbaycan Avropa Şurasına üzv qəbul edildi, ölkəmiz beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanındı.
Demokratiyanın inkişafı, demokratik cəmiyyət quruculuğunun yolu söz, fikir və mətbuat azadlığından keçir. Ulu Öndərin "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 1998-ci il 6 avqust tarixli Fərmanı ilə senzura ləğv olundu və mətbuat sahəsində də köklü islahatlara başlanıldı.  
Heydər Əliyev  tərəfindən həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində ölkədə qanunun aliliyi bərpa edildi. Humanizm prinsiplərinə zidd olan cəza növləri və məcburiyyət tədbirləri ləğv olundu. 1998-ci il fevralın 10-da cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycanda ölüm cəzası ləğv olundu. 
Beləliklə, Ulu Öndər Heydər Əliyevin ideyaları və başladığı islahatlar taleyüklü iki missiyanın- xilaskarlıq və quruculuq missiyasının öhdəsindən məharətlə gəldi. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar  Azərbaycanı tənəzzüldən böyük və heyrətamiz inkişaf yoluna gətirib çıxardı. 
Qarabağ münaqişəsinin zəfərlə nəticələnməsinin təməlində də məhz Heydər Əliyev siyasi  kursunun əsas prinsipləri dayanır. Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsindən başlayaraq davam edən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və əzminin artırılması, vətənpərvərlik ruhunun yüksəldilməsi, ən müasir silahlarla və hərbi texnikalarla təchiz edilməsi sahəsində görülmüş işlər bu böyük uğurun əsasını qoydu.
Azərbaycanın imzasını imzalar içində tanıdan dahi şəxsiyyət, uzaqgörən siyasi xadim, Ulu Öndər Heydər Əliyev  bu ölkənin qurulmasının, yaradılmasının, sabitliyinin, firavanlığının müəllifidir, ən başlıcası, Azərbaycanın bir ölkə kimi dünya xəritəsindən silinməsinin qarşısını alan xilaskardır!
Hər bir Azərbaycan vətəndaşının borcu Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir.

İlqar ABBASOV,
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor