«İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planı»nın icrasını təmin etmək məqsədilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilmişdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq olunmuş «İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planı»nın icrasını təmin etmək məqsədilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində geniş tərkibdə  iclas keçirilmişdir.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyinə Nəzarət İdarəsinin rəisinin rəhbərliyi ilə keçirilən iclasda  Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, BP şirkəti, Dövlət Neft Şirkətinin səlahiyyətli nümayəndələrinin və Agentliyin  müvafiq idarə və şöbələrinin rəisləri iştirak etmişdirlər.

SOMDA-nın İNQBKTNİ-nin rəisi, polkovnik Nail Dadaşov çıxışında bildirmişdir ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra irimiqyaslı neft və qaz ehtiyatlarının hasilatı və dünya bazarına çıxarılması Ölkə iqtisadiyyatının ən mühüm sahələrindən biri olmuşdur. Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində 20 sentyabr 1994-cü il tarixdə Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynamış, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermişdir. Ulu öndər Heydər Əliyevin uğurlu neft və qaz strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində uğurla davam etdirilir.

      Qeyd edilmişdir ki, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən mühafizəsi həyata keçirilən ixrac boru kəmərləri ilə Azərbaycandan dünya bazarına çıxarılan xam neftin və qazın təhlükəsiz nəqli tam təmin edilmiş və ötən müddət ərzində əvvəlki illərdə olduğu kimi ixrac boru kəmərlərinə qarşı heç bir terror-təxribat hərəkətləri baş verməmiş, kənar müdaxilələr qeydə alınmamışdır. İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planının icrası Agentlik tərəfindən ciddi nəzarətdə saxlanılmışdır.

İdarə rəisi, polkovnik Nail Dadaşov tərəfindən “Tədbirlər Planı"nın bəndlərinin icrası ilə əlaqədar 2024-cü ilin 1-ci yarımilliyində görülmüş tədbirlər diqqətə çatdırılmış, qarşıda duran vəzifələr və atılacaq addımlar barədə iclas iştirakçıları məlumatlandırılmışdır.

İclasda aidiyyatı qurumların səlahiyyətli  nümayəndələrinin təklif və məruzələri dinlənilərək ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinə təsir göstərə biləcək yeni tendensiyalar, əməliyyat şəraitində baş vermiş dəyişikliklər, potensial təhlükəsizlik riskləri və əldə olunmuş nəticələr barədə informasiya mübadiləsinin aparılması və digər məsələlər ətrafında müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edilmişdir.