Xəbərlər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Tədbirin açılış hissəsi soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbirdə çıxış edənlər Erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirdiyindən, 105 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardan bəhs etmişlər.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmasından, 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” kimi hər il dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları haqqında geniş məlumat verilmişdir.
Tədbirdə çıxış edənlər sonda düşmənin əsrlər boyu türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırım siyasətinin cavabsız qalmadığından, tarixdən ibrət götürən Azərbaycan xalqının heç bir zaman öz əzəli torpaqlarının düşmənin əsarətində qalması faktı ilə barışmadığından, 2020-ci ilin sentyabrın sonlarında Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qarabağı düşmən işğalından azad etməsindən və tarixə 44 günlük Vətən Müharibəsi kimi daxil olan bu zəfərin düşmən işğalında olan torpaqlarımızın azad edilməsi və şəhidlərimizin intiqamının alınması ilə nəticələndiyini
vurğulamışlar.
Tədbirin sonunda azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
31 mart 2023 11:38