Xəbərlər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularına orden və medallar təqdim olundu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 mart 2025-ci il tarixli sərəncamına əsasən, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin bir sıra hərbi qulluqçusu dövlət mükafatlarına – orden və medallara layiq görülüb.
Bu münasibətlə Agentliyin inzibati binasında təntənəli təqdimetmə mərasimi keçirilib. Tədbirdə Agentliyin rəhbərliyi və təltif olunan hərbi qulluqçular iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Agentliyin rəisi, general-mayor İlqar Abbasov çıxış edərək, ölkə başçısı cənab İlham Əliyevin göstərdiyi yüksək etimada görə öz adından və rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını bildirib. O qeyd edib ki, bu ali təltiflər ayrı-ayrı hərbi qulluqçulara deyil, bütövlükdə Agentliyə göstərilmiş ali etimaddır.
General-mayor İlqar Abbasov vurğulayıb ki, təltiflər Agentliyin üzərinə düşən məsuliyyəti daha da artırır və bundan sonra da Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Müzəffər Ali Baş Komandanın etimadını doğrultmaq üçün daha da böyük əzmlə çalışacaq.
Tədbirin sonunda dövlət təltifləri Agentliyin rəisi tərəfindən hərbi qulluqçulara təntənəli şəkildə təqdim olunub.
25 aprel 2025 17:31