Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü qeyd olunub

Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, dahi siyasətçi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabanı ziyarət etmişdir.

Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi böyük ehtiramla yad olunmuş, məzarı önünə əklil qoyulmuş və gül dəstələri düzülmüşdür.

Tədbir çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunmuş, məzarları üzərinə gül dəstələri qoyulmuşdur.

Daha sonra Agentliyin akt zalında keçirilmiş tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə çıxış edən Agentliyin rəisi, general-mayor İlqar Abbasov Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O, Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində, təhlükəsizlik sisteminin qurulmasında və milli dövlətçiliyin inkişafında əvəzsiz rolunu vurğulayıb.

Tədbir digər çıxışlarla davam edib, sonda isə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.