Xəbərlər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları Heydər Əliyev Mərkəzində olublar
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Tədbirlər planına uyğun olaraq, Agentliyin şəxsi heyətinin Ulu Öndərin irsini dərindən öyrənməsi məqsədilə fevralın 7-də Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi İlqar Abbasovun rəhbərliyi ilə qurumun əməkdaşları Heydər Əliyev Mərkəzində olublar.
Agentliyin rəisi İlqar Abbasova və əməkdaşlarına dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Agentliyinin əməkdaşlarının böyük marağına səbəb olub. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış bu muzeyin “Fotoşəkillərdə əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs, nailiyyətlər” adlı bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur. Hər bir mövzu üzrə materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir.
Agentliyin əməkdaşları Mərkəzdə “Azərbaycan inciləri” sərgisi ilə də tanış olublar. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirilir. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
Muzeydə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillər də ziyarətçilərin marağına səbəb olub.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq Agentliyinin əməkdaşlarında xoş təəssürat yaradıb.
08 fevral 2023 22:39